Süni intellekt nəhəngi OpenAI-ın flaqman məhsulu olan ChatGPT yeni istifadəçilərin cəlb edilməsində çətinliklərlə üzləşib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, "Sensor Tower" bazar araşdırması şirkətinin hesabatına görə, ChatGPT hələ də böyüməyə davam etsə də, bu dinamika ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib.
Yanvar ayında qeydə alınan 168%-lik rekord artım aprel ayında 78%-ə qədər geriləyib.
Ən çox narahatlıq doğuran məqam isə tətbiqin silinmə nisbətidir. Mart ayında silinmə göstəricisi illik müqayisədə 413%, apreldə isə 132% artıb. Bu, istifadəçi sədaqətinin ciddi şəkildə azaldığını göstərir.
ChatGPT durğunluq dövrünə qədəm qoyduğu bir vaxtda, rəqib platformalar bazarda paylarını sürətlə artırırlar. Xüsusilə Anthropic şirkətinin Claude modeli, son dövrlərdə yükləmə sayı və istifadəçi aktivliyi baxımından ChatGPT-ni üstələyərək sektorun yeni favoritinə çevrilmək iddiasındadır.
Aysel Şirinova