Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirlikdən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
sosial

Nazirlikdən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

04-05-2026 17:00 31 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə "Tvit.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.