Qlobal planşet bazarında rəqabət mühiti və satış göstəriciləri yenidən formalaşıb. "Omdia" tədqiqat şirkətinin yayımladığı son hesabata əsasən, 2026-cı ilin ilk rübündə planşet satışlarında cüzi artım müşahidə olunsa da, "Apple" şirkətinin bazardakı dominantlığı sarsılmaz olaraq qalır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ilin birinci rübündə dünya miqyasında ümumilikdə 37 milyon planşet satılıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artım deməkdir. Regional baxımdan ən yüksək satış göstəriciləri Latın Amerikası, Yaxın Şərq və Afrika bölgələrində qeydə alınıb.
“Apple bir brend kimi bazarda böyük üstünlüyünü davam etdirir. Şirkət üç ay ərzində 14,8 milyon iPad sataraq qlobal bazarın 40,1%-nə sahib olub. Yeni iPad modellərinin satışa çıxarılması illik müqayisədə 7,9%-lik artıma birbaşa təsir göstərib”, - deyə hesabatda qeyd olunub.
Məlumata görə, 2026-cı ilin ilk üç ayında ən çox satış edən brendlərin sıralaması belədir:
Apple: 14,8 milyon (40,1%)
Samsung: 5,7 milyon (15,7%)
Huawei: 3,2 milyon (8,8%)
Lenovo: 3,045 milyon (8,2%)
Xiaomi: 2,6 milyon (7,2%)
Ekspertlər bildirir ki, "Apple" uzun illərdir iPad modelləri ilə bazarda ciddi rəqib tanımır və 40%-lik bazar payı şirkətin texnoloji üstünlüyünün göstəricisidir. Digər brendlər isə ümumilikdə 7,4 milyonluq satışla bazarın 20,1%-ni bölüşürlər.
Aysel Şirinova