Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
sosial

Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir

15-07-2026 13:00 16 Просмотров
IMG

İyulun 16-dan Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.

 

Bu barədə Tvit.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məlumata əsasən, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir.

 

Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.

 

Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.

 

"Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.

 

Layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.

 

Xatırladaq ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.