Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hərbi xidmətdən yayınanlar üçün yeni cəza: Qanun sərtləşdirilir
sosial

Hərbi xidmətdən yayınanlar üçün yeni cəza: Qanun sərtləşdirilir

23-04-2026 15:00 27 Baxış
IMG
Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
 
Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Eyni əməllər müharibə vaxtı törədildikdə isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
 
Yeni qərara görə isə, Cinayət Məcəlləsinin yuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.
 
Hərbçi ekspert İbrahim Rüstəmli Bakupost.az-a bildirib ki, sözügedən addım çağırışçıların hərbi xidmətdən yayınması ilə bağlı ortaya çıxan problemlərin həllində dönüş yaradacaq:
 
“Müzakirə olunan bu qanun təzyiq vasitəsi kimi çox əhəmiyyətlidir. Hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalar sərt cəza növüdür. Xidmətdən yayınan 19-21 yaşlı gəncin iki il müddətinə həbs edilməsi heç də az əhəmiyyətli cəza deyil. Bu cəza növü çağırışçıların hərbi xidmətdən yayınması kimi problemin həllində müstəsna rol oynayacaq. Qanun məsuliyyət yaradır. Ondan qaçmaq, yayınmaq olmaz”.
 
Ekspert bu istiqamətdə təbliğat işlərinin gücləndirilməsini də vacib bildi:
 
“Həbsxanaya düşən çağırış yaşlı gəncin həyatı korlana bilər. Ona görə də, bunu şüurlu şəkildə icra etmək lazımdır. Bu istiqamətdə məktəblərdə, ali təhsil ocaqlarında təbliğat işlərinin aparılması daha önəmlidir”.
 
Bununla yanaşı, ekspert hər hansı bir vətəndaşın, xüsusən də gənclərin azadlığının məhdudlaşdırılmasını məqbul hesab etmir.