Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
sosial

Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir

28-04-2026 18:00 24 Baxış
IMG

Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

 

Tvit.az xəbər verir ki, bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

 

Dəyişikliklə, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun, "Lisenziyalar və icazələr haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Fərdi məlumatlar haqqında" , "İnzibati icraat haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Qida təhlükəsizliyi haqqında" qanunların və digər qanunların müəddəaları ilə məcəllənin mətni uzlaşdırılacaq və həmin qanunların tələblərini gömrük fəaliyyətində nəzərə alınacaq.

 

Bundan başqa, gömrük orqanlarına xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədikdə, gömrük borcunun ödənilməsini təmin etmək üsulu kimi xarici ticarət iştirakçısı olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, eləcə də bu əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək hüququ verilir. Beləliklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması gömrük orqanının müraciəti ilə məhkəmə tərəfindən təmin edilirsə, bu məhdudiyyətin gömrük orqanına verilməsi operativliyi təmin edəcək. Anoloji səlahiyyətlər Vergi Məcəlləsində vergi orqanları üçün müəyyən edilib.

 

Hazırda digər dövlətlərin gömrük xidmətləri ilə malların idxalı və ixracı sahəsində məlumatların mübadiləsi nəzərdə tutulursa, bu mübadilənin malların tranzitinə də şamil edilməsi ölkəmizin ərazisindən yüklərin tranzit daşınmasının sürətlənməsinə xidmət edəcək.

 

Bundan başqa, səyyar gömrük auditinin nəticələri haqqında aktlar və müvafiq qərar barədə 3 iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə məlumatın təqdim edilməsi planlaşdırılır. Bu vəzifənin müəyyən olunması gömrük orqanlarının inzibati icraat çərçivəsində hərəkətlərinin qanuni və əsaslı aparılmasında məsuliyyətinin artmasına, şəxslərin həmin hərəkətlərə qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadəsinə imkanları artırır. Bütövlükdə gömrük orqanlarının fəaliyyətinin və gördüyü tədbirlərin nəticələrinin akt (qərar) formasında təsbit olunması və bu barədə şəxsə məlumatın təqdim edilməsi təmin edilir ki, bu da "İnzibati icraat haqqında" qanunun tələblərindən irəli gəlir.

 

Gömrük təmsilçiliyinin yenidən instututlaşdırılması, o cümlədən təmsilçilik imkanlarının liberallaşdırılması çərçivəsində "gömrük brokeri" anlayışı "dolayı gömrük təmsilçiliyi" ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, "dolayı gömrük təmsilçisi" olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. "Dolayı gömrük təmsilçisi" reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır.