Dünyanın birinci raketkası olan italyan tennisçi Yannik Sinner Madriddə ATP "Masters" seriyasının turnirində finala yüksəlib.
Tvit.az "Opta"ya istinadən xəbər verir ki, yarımfinalda 24 yaşlı Sinner dünyanın 25-ci raketkası olan fransalı Artur Fisi 6:2, 6:4 hesabı ilə məğlub edib.
Sinner "Masters" turnirlərində ardıcıl 27-ci qələbəsini qazanıb. Cari mövsümdə italyan tennisçi İndian-Uells, Mayami və Monte-Karloda üç "Masters" turnirində qalib gəlib.
Məlumata görə, Sinner Rafael Nadal, Rocer Federer və Novak Cokoviçdən sonra doqquz "Masters" turnirinin hamısının finalına yüksələn dördüncü tennisçi olub. Bununla belə, italiyalı bu nailiyyətə cəmi 41 turnirdə nail olmaqla yeni rekord müəyyənləşdirib.
Həlledici matçda Sinnerin rəqibi alman Aleksandr Zverev və ya belçikalı Aleksandr Bloks olacaq. Mükafat fondu 8,235 milyon avro olan Madrid turniri mayın 3-də başa çatacaq.