Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Jurnalist olmaq istəyənlər qabliyyət imtahanı verdilər
sosial

Jurnalist olmaq istəyənlər qabliyyət imtahanı verdilər

04-08-2026 18:00 18 Views
IMG

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

"Tvit.az" xəbər verir ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulub.

DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Mətbuat Şurası və media nümayəndələrinin iştirakı ilə təklif olunan 200-dən çox mövzu arasından 3-ü seçilib və abituriyentlərə təqdim olunub. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

Xatırladaq ki, abituriyentlər inşanı elektron formada kompüterdə yazıblar. Kompüterdə yazı işinin yerinə yetirilməsi abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və beləliklə, ayrılan vaxtdan səmərəli istifadə imkanı yaradıb. Bu yenilik qiymətləndirmə prosesinin də daha səmərəli təşkilinə imkan yaradacaq, əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər diqqətlərini yalnız işin məzmununa yönəldə biləcəklər.

İmtahan müddəti də 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsinə 3 saat vaxt verilib.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra - 3-4 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.