Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ
sosial

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

06-08-2026 12:00 17 Baxış
IMG

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

 

İclasa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində qatılıblar.

 

Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub.

 

Məhkəmə qərarında bildirilib ki, Arutyunyan Arayik Vladimiri, Saakyan Bako Saaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.